Mövsüm ərzində qazandığı xallardan 15-i silinən İtaliyanın “Yuventus” klubu növbəti dəfə şiddətli cəzalana bilər.
Belə ki, istintaq prosesi hələ də Turin təmsilçisinin maliyyə saxtakarlıqlarını araşdırmaqda davam edir. İttiham edən tərəf “Yuventus”u oyunçulara və menecerlərə ödənilən maaşlar, habelə şübhəli tərəfdaşlıq müqavilələri ilə günahlandırır. Məhkəmə prosesinin 2023-cü ilin sonunadək uzanacağı ehtimal olunub. Əgər klub yeni ittihamlarda təqsirkar bilinərsə, ikinci dəfə 15 və 25 xal arası cəzalanacaq. Əgər proses mövsüm bitdikdən sonra yekunlaşarsa və 2022-2023-cü illər mövsümündə klub hər hansısa nəticə əldə edərsə, məhkəmə “Yuventus”u qazandığı naliyyətdən məhrum qoyacaq.